...

Bölgədəki hadisələr Türkiyənin Aİ üçün nə qədər önəmli olduğunu bir daha nümayiş etdirib - Ərdoğan

Gündəm Materials 5 İyul 2022 22:36 (UTC +04:00)
Bölgədəki hadisələr Türkiyənin Aİ üçün nə qədər önəmli olduğunu bir daha nümayiş etdirib - Ərdoğan

Bakı. Trend:

Bölgəmizdə baş verən hadisələr Türkiyənin bir çox sahələrdə Avropa İttifaqı üçün nə qədər əhəmiyyətli olduğunu bir daha konkret şəkildə nümayiş etdirdi.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Mario Draqi ilə birgə mətbuat konfransı zamanı deyib.

R.T.Ərdoğan İtaliyanın baş naziri M.Draqini və nümayəndə heyətini Ankarada qəbul etməsindən məmnunluğunu ifadə edib.

Ərdoğan ötən ay Toskanada 4 Tükiyə vətəndaşının ölümü ilə nəticələnən helikopter qəzasından sonra İtaliya hökumətinə əməkdaşlığa görə də təşəkkür edib.

Türkiyə-İtaliya İqtisadiyyat və Ticarət Məsələləri üzrə Ortaq Komitəsinin üçüncü iclasını və biznes forumunu bir il ərzində təşkil etmək barədə tərəflərin razılaşdıqlarını qeyd edən Türkiyə prezidenti deyib: "Şirkətlərimizi əməkdaşlığı genişləndirməyə və qarşılıqlı sərmayə qoymağa təşviq etməyə davam edəcəyik".

Baş nazir M.Draqi ilə Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələrin səviyyəsini də müzakirə etdiklərini bildirən Ərdoğan çıxışına bu sözlərlə davam edib:

"Bu əlaqələrin inkişafına verdiyi dəstəyə görə İtaliyaya təşəkkür etdim. Bölgəmizdə baş verən hadisələr Türkiyənin bir çox sahələrdə Aİ üçün nə qədər əhəmiyyətli olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi. Bu mərhələdə əsas məsələ Türkiyənin üzvlüyünün Avropa Birliyinə gətirəcəyi əlavə dəyəri dərk edərək, onun üzvlük perspektivini gücləndirməkdir. İnanıram ki, bu dəstək davam edəcək, daha da güclənəcək".

R.T.Ərdoğan əlavə edib ki, iki ölkə liderləri Ukrayna böhranını ətraflı müzakirə ediblər:

"Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinə qayıtmaq və Qara dənizdən Ukrayna taxılının ixracı ilə bağlı BMT planı ətrafında fikir mübadiləsi apardıq. Baş nazirlə bir çox regional məsələlər, xüsusən də Liviyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. İtaliya Türkiyənin mühüm enerji tərəfdaşıdır. Enerji təhlükəsizliyi sahəsində ümumi layihələr və maraqlar, o cümlədən Qara dənizdəki Sakarya qaz yatağında sualtı boruların çəkilməsi sahəsində əməkdaşlıq haqqında danışdıq".

Türkiyə dövlət başçısı, həmçinin bildirib ki, Türkiyə bir həftə və ya 10 gün ərzində Qara dənizdə “taxıl dəhlizi” ilə bağlı danışıqları intensivləşdirərək nəticə əldə etməyə çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti