...

Strasburqda şəhidlərimizin xatirəsi anılıb (FOTO)

Gündəm Materials 28 Sentyabr 2022 00:34 (UTC +04:00)

Bakı. Trend:

Vətən müharibəsinin başlanmasının ikinci il dönümünün qeyd olunması ilə bağlı görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində “27 sentyabr - Anım Günü” ilə bağlı tədbir keçirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Strasburqda səfər edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Strasburqdakı Azərbaycan icması və eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Müzəffər Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və uzun illər davam etmiş bu ədalətsizliyə son qoyulmasının xalqımızın parlaq tarixi zəfəri olduğunu vurğulayıb. Bu zəfərin şanlı salnaməsi olan 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və işıqlı gələcəyi uğrunda canlarından keçmiş bütün qəhrəmanlarımızın əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onların şücaətinin hər zaman dərin minnətdarlıq hissi ilə anılacağını bildirib.

Ombudsman Səbinə Əliyeva Azərbaycanın müasir tarixində çox önəmli yerə malik olan “27 Sentyabr – Anım Günü”nün Zəfər qürurunu bizə yaşadan şəhidlərimizin xatirəsinə həsr olunduğunu, onları əbədi yaşatmaq üçün təsis olunduğunu diqqətə çatdırıb. Ombudsman münaqişə dövrünə nəzər salaraq, onun nəticəsində minlərlə soydaşımızın həlak olması, əlillik qazanması, itkin düşməsi ilə yanaşı, bir milyona yaxın soydaşımızın doğma torpaqlarından qovulduğunu, əzab və çətinliklərlə dolu qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduqlarını xatırladıb. O, bugünə qədər də 4000-ə qədər azərbaycanlının itkin düşdüyünü, bu şəxslərin taleyinə aydınlıq gətirilməsinə Ermənistanın göstərdiyi etinasızlığı təəssüflə vurğulayıb. S.Əliyevə Vətən müharibəsi başlandığı tarixdən etibarən Ombudsman olaraq tərəfindən Ermənistanın hücumlara məruz qoyduğu mülki yaşayış məntəqələrində, eləcə də dağıntılar törətdiyi və minalar basdırdığı azad edilmiş ərazilərdə yerində faktaraşdırıcı missiyalar həyata keçirildiyini, onların nəticələri əsasında hazırlanmış hesabatların geniş şəkildə yayıldığını bildirib. Eyni zamanda, S.Əliyeva hazırda Azərbaycan xalqının Böyük Qayıdış sevinci yaşadığını, Qarabağın dirçəlməsinə şahidlik etdiyini qürur hissi ilə qeyd edib.

Tədbirdə Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində kütləvi informasiya vasitələrində getmiş, yadda qalan videogörüntülər əsasında hazırlanmış qısa video nümayiş etdirilib.

Anım tədbiri Prezident təqaüdçüsü, Alfred Korto adına Paris Ali Musiqi Məktəbinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ağarəhim Quliyevin (fleyta) ifasında təqdim olunmuş musiqi proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti