...

Bakının məşhur bulağında su kranları yenilənib (FOTO)

Gündəm Materials 21 Fevral 2023 11:51 (UTC +04:00)

Bakı. Trend:

Artıq bir neçə aydır davam edən “Bir Damcı” kampaniyası çərçivəsində daha bir təqdirəlayiq layihə başladılıb.

Trend-in məlumatına görə, təkcə təbliğat işləri ilə kifayətlənməyən kampaniya təşkilatçıları bu dəfə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə əməli tədbirlərlə sudan qənaətlə istifadəyə töhfə veriblər. Belə tədbirlərdən biri bu günlərdə “İçərişəhər” metrostansiyasının çıxışında yerləşən məşhur bulaqda su kranlarının yenilənməsi olub.

Bir çoxlarımızın uşaqlıq xatirələrinin bir hissəsi olan, bəzilərimizin isə yay aylarında yanından keçərkən sərinləmək üçün suyundan bir ovuc götürüb üzümüzə səpdiyimiz bulağın kranları qənaətli su kranları ilə əvəzlənmişdir. Bu kranlar sayəsində suyun boşuna axmasının qarşısı alınmış, həmçinin istifadə zamanı da daha az su itkisinə nail olunmuşdur. Buna qədər isə bulağın suyu gecə-gündüz dayanmadan axır və bir neçə dəqiqənin ərzində belə litrlərlə suyun israf olması ilə nəticələnirdi.

Kampaniya təşkilatçılarının verdikləri məlumata görə, gələcəkdə də paytaxtın müxtəlif ərazilərində daimi axarlı bulaqlarda su kranlarının əvəzlənməsi işləri davam etdiriləcək. Bu işdə sakinlərin də dəstək göstərməsi, küçələrdə, daxili məhəllələrdə su kranlarının açıq qalmasına biganə yanaşmamaları, nasaz su kranları barədə müvafiq qurumları xəbərdar etmələri xahiş olunur.

Xatırladaq ki, “Bir Damcı” kampaniyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyi tərəfindən təşkil olunur.

Xəbər lenti

Xəbər lenti