Bakı. Trend:
2023-cü il oktyabrın 19-da Şuşa şəhərində Ümummilli Lider Heydər
Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədalət mühakiməsi və
informasiya texnologiyaları: müasir çağırışlar” mövzusunda
beynəlxalq konfrans keçirilib.
Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Türkdilli dövlətlərin
Ali Məhkəmələrinin sədrlərinin iştirakı ilə keçirilən konfransı
giriş sözü ilə açan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
İnam Kərimov qonaqları “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa
şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. Sədr bildirib ki,
Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi
şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycanın memarıdır. Ulu Öndərin
fəaliyyəti Azərbaycanla məhdudlaşmır, beynəlxalq aləmdə böyük
nüfuza malik dahi şəxsiyyət türk dünyasında, eləcə də qlobal
proseslərdə də müdrik siyasətilə böyük iz qoyub. Fəaliyyəti
dövründə hər zaman türk dövlətləri ilə əlaqələrinin inkişafına
xidmət edən layihələrin təşəbbüskarı, təşkilatçısı olub. Bu gün bu
siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. “Türk dünyası böyük bir ailədir”
deyən ölkə Prezidenti cənab İlham Əliyev türk dövlətləri ilə
əlaqələrə xüsusi önəm verir.
Hazırda dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlər və
onların məhkəmə sistemləri qarşısında yeni çağırışlar meydana
gəldiyini deyən İnam Kərimov bildirib ki, bu çağırışlara cavab
vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət
mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və
innovativ texnologiyaların tətbiqi, məhkəmə-hüquq sistemləri
arasında əlaqələrin genişləndirilməsi zamanın tələbidir. Türk
Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin məhkəmə
orqanları arasında əlaqələrin genişləndirilməsi, ümumi maraq
doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması
məqsədilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis
edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonra Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet
Akarca çıxış edərək bildirib ki, Azərbaycanda siyasi birliyi təsis
edən dünya şöhrətli Heydər Əliyev türk dünyasının birliyi üçün də
mühüm xidmətlər göstərib. Qeyd edilib ki, məhkəmə sistemini müasir
dövrün yenilikləri ilə uyğunlaşdırmaq çox vacibdir. Burada hüquq
təhsilindən məhkəmədə şəffaflığın təmin edilməsinə qədər geniş bir
prosesi dəyərləndirmək lazımdır. Bu baxımdan türkdilli dövlətlərin
qarşılıqlı şəkildə öyrənəcəyi bir çox məsələlər var. Mehmet Akarca
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılmasının
əhəmiyyətinə toxunaraq, məhkəmə-hüquq sahəsində əməkdaşlığın
gücləndirilməsinin bütün türk dünyası üçün faydalı olacağına
əminliyini vurğulayıb.
Qazaxıstan Respublikasının Ali Məhkəməsinin sədri Aslambek
Merqaliyev isə çıxışında Türk Dövlətləri Ali Məhkəmələrinin
Konfransının yaradılması barədə təşəbbüsü məmnuniyyətlə
qarşıladıqlarını bildirib. Qeyd edilib ki, bu konfrans məhkəmə
işinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin və məhkəmə
inzibatçılığının səmərəliliyinin təmin edilməsi və təcrübə
mübadiləsi üçün mühüm platformaya çevrilməlidir. Konfrans
əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək və dövlətlər
arasında qarşılıqlı fəaliyyətin mühüm tərkib hissəsinə
çevriləcəkdir.
Sonra Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit
çıxış edərək, müasir dövrdə məhkəmə işlərinə operativ baxılması və
süni intellektin tətbiqinin qaçılmaz olduğunu vurğulayıb. Qeyd
edilib ki, Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının
yaradılması təşkilata üzv ölkələrin məhkəmə sistemini daha yaxından
tanımağa imkan verəcək, inteqrasiya və əməkdaşlığı
gücləndirəcək.
Özbəkistan Respublikasının Ali Məhkəməsi sədrinin birinci müavini
xanım Robaxon Maxmudova çıxış edərək, deyib ki, son illər
Özbəkistan-Azərbaycan münasibətləri dostluq və strateji tərəfdaşlıq
ruhunda uğurla inkişaf edir, bunun mühüm əsasını ölkələrimizin
rəhbərləri arasında müntəzəm təmas təşkil edir. Bu kontekstdə
məhkəmə orqanlarımız arasında əməkdaşlığı genişləndirmək və
dərinləşdirmək məqsədilə Özbəkistan Respublikasının Ali Məhkəməsi
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması
təşəbbüsünü böyük məmnunluqla qəbul edib. Bildirilib ki, Şuşa
Bəyannaməsinin imzalanması və bugünkü konfransın keçirilməsi
məhkəmə-hüquq sisteminin inkişafı ilə bağlı fikir və qabaqcıl
təcrübə mübadiləsinə xidmət edəcək.
Sonra Qırğızıstan Respublikasının Ali Məhkəməsinin sədri
Zamirbek Bazarbekov çıxışında təmsil etdiyi ölkənin məhkəmə sistemi
barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib
ki, Qırğızıstanda məhkəmə sisteminin rəqəmsallaşdırılması üzrə
işlərin təşkilində türk dövlətlərinin təcrübəsinin öyrənilməsi çox
faydalı olacaq.
Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin sədri xanım Narin
Ferdi Şefik rəhbəri olduğu məhkəmənin fəaliyyəti barədə danışıb. O
da həmkarlarının fikirlərinə qatılaraq, Türk Dövlətləri Ali
Məhkəmələrinin Konfransının yaradılmasınnın zəruriliyini və üzv
ölkələrin məhkəmə sisteminə verəcəyi faydalardan danışıb.
Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Sədi Cəfərov isə
çıxışında təmsil etdiyi təşkilatın türk dövlətləri arasında
siyasətdən tutmuş iqtisadiyyata, enerjiyə, nəqliyyata, turizmə,
təhsilə, gənclərə, idmana qədər fərqli sahələrdə əməkdaşlığı
genişləndirmək və gücləndirmək üçün səylərini davam etdirdiyini
qeyd edib. Bildirilib ki, bu gün təsis edilən yeni əməkdaşlıq
formatı türk ölkələri arasında müvafiq sahədə qabaqcıl təcrübə
mübadiləsini təmin edəcək, müxtəlif müştərək layihələrin həyata
keçirilməsinə, eləcə də birgə təlim proqramlarının həyata
keçirilməsinə zəmin yaradacaqdır.
İnam Kərimov yekun nitq söyləyərək, konfrans iştirakçılarına
təşəkkürünü bildirib.
Daha sonra Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis
edilməsi ilə bağlı Şuşa Bəyannaməsinin imzalanma mərasimi baş
tutub.
Sonda xatirə fotosu çəkilib.