Bakı. Trend:
Qəzza zolağında humanitar böhranı həll etmək üçün Fələstin-İsrail münaqişəsinin bütün tərəflərinin hərbi əməliyyatları dayandırması lazımdır.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord deyib.
"BMT-nin Ümumdünya Ərzaq Proqramından eşitdiyimiz kimi, Qəzzanın şimalında yardım təşkilatları çox ehtiyacı olan insanlara yardım çatdıra bilmir. Aclıq fəlakətli həddə çatıb", - deyə o bildirib.
Onun sözlərinə görə, bununla mübarizə aparmaq üçün üç şey lazımdır. "Birincisi, biz bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq. <...> İkincisi, biz İsraili Qəzzaya yardımın həcminin artırılmasına icazə verməyə çağırırıq. <...> Üçüncüsü, BMT və humanitar tərəfdaşlar daha çox müdafiəyə və zirehli maşınlar və kommunikasiya avadanlıqları da daxil olmaqla zəruri alətlərə çıxışa ehtiyac duyurlar", - deyə BMT-dəki daimi nümayəndəsi qeyd edib.
Diplomat əlavə edib ki, yalnız “döyüşlərdə dərhal fasilə və davamlı atəşkəsə doğru hərəkət” Fələstin anklavında aclığın qarşısını alacaq və əhalisini əzablardan xilas edəcək.