...

Azərbaycanın tanıdılması üçün fəaliyyət göstərmək istəyirəm - Nilüfər İbrahimi

Gündəm Materials 6 Avqust 2024 18:38 (UTC +04:00)
Azərbaycanın tanıdılması üçün fəaliyyət göstərmək istəyirəm - Nilüfər İbrahimi
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Azərbaycanın tanıdılması üçün fəaliyyət göstərmək istəyirəm.

Bunu Trend-in Laçına ezam olunmuş əməkdaşına açıqlamasında Leypsiq Universitetində təhsil alan Nilüfər İbrahimi deyib.

"Həyatım boyu hər zaman əlavə dərsdənkənar fəaliyyətlərə və xüsusi olaraq fəal vətəndaşlıqla bağlı sosial işlərə maraq göstərmişəm. İnanıram ki, bu maraq, babam Ənuşirəvan İbrahiminin bir müddət Azərbaycan Demokrat Firqəsinin rəhbəri və onun qardaşı Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahimi ilə bağlıdır. 2020-ci ildə Bakıda orta məktəbi bitirdikdən sonra "Future Leaders Exchange Program" finalçısı kimi seçildim və Amerika Birləşmiş Ştatlarında vaxt keçirmək şansı qazandım.

Ondan sonra yerli ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Assosiasiyasına qoşuldum. Hazırda iki təşkilatda fəal çalışıram: Leypsiq AIESEC komitəsinin sədriyəm və eyni zamanda, Gənc Avropa Səfiriyəm (Young European Ambassador). AIESEC gənclərin liderlik potensialını inkişaf etdirmək üçün praktik təcrübələr vasitəsilə, məsələn, təcrübə proqramları və ya könüllü imkanları vasitəsilə gənclər üçün qlobal bir platformadır. Bu, İkinci Dünya Müharibəsindən sonra, 1948-ci ildə millətlər arasında sülh yaratmaq üçün yaradılmış, hökumətə bağlı olmayan və qeyri-kommersiya təşkilatıdır və tamamilə gənclər tərəfindən gənclər üçün idarə olunur".

Onun sözlərinə görə, Young European Ambassadors Initiative gənclər arasında dostluq körpüləri quraraq, Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova Respublikası, Ukrayna və Avropa Birliyi üzv dövlətləri və Birləşmiş Krallıqdan olan gəncləri birləşdirən, siyasi olmayan, könüllü, dinamik bir kommunikasiya şəbəkəsidir.

"Diaspor komitəmiz tərəfindən Laçında təşkil olunan 5-ci Yay Düşərgəsi haqqında məlumat aldıqda, müraciət edib qoşulmaq üçün çox həyəcanlı idim. Komitə haqqında daha çox öyrənmək, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı həmvətənlərimlə tanış olmaq və əlbəttə ki, azad edilmiş torpaqlarımızı ziyarət etmək istəyirdim. Bu günə qədər düşərgə çox maraqlı keçdi və son bir neçə gündə tariximiz haqqında çox şey öyrəndim.

Almaniyaya qayıtdıqdan sonra diasporla əməkdaşlıq etmək və Azərbaycanın tanıdılması üçün fəaliyyət göstərmək istəyirəm. Hər bir xaricdə yaşayan azərbaycanlıya növbəti yay düşərgələrinə qoşulmağı tövsiyə edirəm".

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində qədim Azərbaycan torpağı Laçında keçirilir. Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, maraqlı panel və seminarlarda iştirak etmək, eləcə də əylənmək və intellektual oyunlar oynamaq imkanı qazanacaqlar. Bunlarla yanaşı, düşərgə müddətində gənclərin “İslimi” Xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, “Həkəri Balıq Təsərrüfatı”na, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşa və Qarabağın bir neçə digər şəhərlərinə səfərlərinin təşkili nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti