...

Azərbaycanın paytaxtında iki avtomobil sərnişin dayanacağına girib, iki nəfər ölüb

Hadisə Materials 2 Dekabr 2008 11:02 (UTC +04:00)
Azərbaycanın paytaxtında iki avtomobil sərnişin dayanacağına girib, iki nəfər ölüb

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın paytaxtında çərşənbə axşamı iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib, Trend -un hadisə yerində olan müxbiri xəbər verib.

Saat 10:00 radələrində Bakının Xətai rayonunun "Gəncə" prospekti 25 ünvanında 10 FB 773 dövlət nömrə nişanlı "Tofaş Şahin" markalı taksi kimi istifadə olunan avtomobil 10 SK 269 dövlət nömrə nişanlı "BMV" markalı avtomobilin yoluna çıxaraq ağır qəza törədib.

Hər iki avtomobil yaxınlıqdakı sərnişin dayanacağına girib. Nəticədə taksinin sürücüsü, dayanacaqda avtobus gözləyən qız hadisə yerində keçinib. Taksidəki sərnişin qız ağır vəziyyətdə xəstəxanaya aparılıb, "BMV"nin sürücüsü və sərnişini isə yüngül xəsarət alıb. Qəza zamanı ölən və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Qəzaya taksinin yüksək sürətlə idarə olunması səbəb olub.

Xətai rayon Yol Polis Şöbəsindən məlumatı təsdiqləyiblər.

Hadisə yerinə rayonun polis və prokurorluq orqanlarının əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi açılıb.

Bu ilin 9 ayında yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı 1112 cinayət qeydə alınıb. Ölümlə nəticələnən qəzalar isə 533 olub. Nəticədə 669 şəxs dünyasını dəyişib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti