...

Azərbaycanın ali məktəbində cinayəti törədən şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur – Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Hadisə Materials 30 Aprel 2009 15:26 (UTC +04:00)
Azərbaycanın ali məktəbində cinayəti törədən şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur – Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir C.Babayeva,K.Zərbalıyeva /

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum zamanı 12 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev və Ruslan  Babaşov həlak olub, Mustafa Muhammed (Sudan vətəndaşı), Seyid Əhməd Amuri (Sudan vətəndaşı), Daas Muaviyyə (Suriya vətəndaşı), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanıb.

Həlak olan digər 1 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür.     

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir.   

Hadisə ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Neft Akademiyasının ikinci korpusunda qərargah yaradılıb.

Eyni zamanda, Daxili İşlər Nazirliyində və Baş Prokurluqda "Qaynar xətt" əlaqə mərkəzi fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti