Azərbaycan, Lənkəran, 04 avqust / Trend , muxbir P.Əliyeva /
Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) mikrovtobusda partlayış baş verib, yaralananlar var.
Trend -un hadisə yerində olan əməkdaşının məlumatına görə, çərşənbə axşamı saat səhər 10.30 radələrində şəhər 10 saylı orta məktəbin yaxınlığındakı avtomobil təmiri emalatxanalarının birində Lənkəran-Bakı marşrutu üzrə işləyən "Qazel" markalı 42 BJ 379 dövlət nömrə nişanlı mikroavtobus partlayışdan sonra yanmağa başlayıb.
Lənkəran yanğından mühafizə hissəsindən Trend -a verilən məlumata görə, avtobusun sürücüsü, şəhərin H.Əliyev küçəsi, ev 78, mənzil 16 ünvanında yaşayan Kələntərov Rövşən Vaqif oğlu, yaxınlıqda təmir işləri aparan rayonun Göyşaban kənd sakinləri 47 yaşlı Ağayev Rafəddin Balayar oğlu və 30 yaşlı İslamov Elşən Ağakişi oğlu müxtəlif yanıq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Mikroavtobus yararsız hala düşüb. Yanğından mühafizə hissəsindən partlayışın qaz sızmasından baş verdiyi bildirilib.
Xəstəxanadan verilən məlumata görə, ilkin yardımdan sonra yaralıların vəziyyəti kafidir.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]