...

Azərbaycanda davam edən güclü yağış və qar nəticəsində Zərdab və Quba rayonlarında ciddi problemlər yaranıb

Hadisə Materials 3 May 2010 14:08 (UTC +04:00)
Azərbaycanda iki gün davam edən güclü yağış və qar nəticəsində Zərdab və Quba rayonlarında ciddi problemlər yaranıb.
Azərbaycanda davam edən güclü yağış və qar nəticəsində Zərdab və Quba rayonlarında ciddi problemlər yaranıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda iki gün davam edən güclü yağış və qar nəticəsində Zərdab və Quba rayonlarında ciddi problemlər yaranıb.

"Zərdab şəhərində 600-ə yaxın evi su basıb, 6 ev uçub, yaşayış və inzibati binaların zirzəmiləri su ilə dolub. Rayonun Qarasu çayı və Kür ətrafında yerləşən 25-ə yaxın kəndini su basıb. 2 min hektar taxıl sahəsi su altında qalıb. Məlumata görə, ən gərgin vəziyyət rayonun Əlibəyli kəndində yaranıb. Hazırda Qarasu çayının üzərində olan körpü uçmaq təhlükəsi ilə üzləşib", - bu barədə bazar ertəsi Trend-ə Zərdab rayon İcra Hakimiyyətindən məlumat verilib.

Zərdab rayonunda orta məktəblərin və uşaq bağçalarının fəaliyyətini müvəqqəti dayandırmaq üçün aidiyyatı qurumlara müraciət edilib.

Mayın 2-də axşam saatlarından başlayaraq Qubanın bir neçə ucqar yaşayış məntəqəsinə qar yağıb.

Quba rayon İcra Hakimiyyətindən bazar ertəsi Trend-ə bildiriblər ki, rayonun Xınalıq istiqamətində yerləşən kəndlərə 20 sm qalınlığında qar yağıb. Yağıntı nəticəsində Quba-Xınalıq yolu bağlanıb. Yolun 20-ci kilometrliyindən başlayaraq bir neçə ərazidə qar uçqunları yarandığından, avtomobillərin hərəkəti dayandırılıb.

Nəticədə 34 ucqar kəndin rayonla avtomobil əlaqəsi kəsilib. Qubanın bəzi kəndlərində enerjinin verilməsində də fasilələr yaranıb.

Quba paytaxt Bakıdan 170 kilometr, Zərdab isə 320 kilometr məsafədə yerləşib.

Xəbər lenti

Xəbər lenti