Birinci abzasdan sonra hadisənin təfərrüatları əlavə olunub, yanğının səbəbi və zərər çəkənlərin sayı dəqiqləşdirilib (ilk xəbər saat 10:51-də yayılıb)
İran Prezidenti Mahmud Əhmədinejadın səfəri zamanı "Abadan" neft emalı müəssisəsində yanğın baş verib. Bu barədə Trend FARS xəbər agentliyinə istinadən məlumat verir.
Agentliyin məlumatına görə, yanğın nəticəsində partlayış baş verib. Hazırda yanğın söndürülüb.
İran Prezidenti yanğın zamanı xəsarət almayıb və zavoda səfərinə davam edib.
Yanan məhsullardan zavodun üzərində sıx bulud yaranıb.
MEHR agentliyinin məlumatına əsasən, yanğın zamanı 21 nəfər xəsarət alıb, 1 nəfər ölüb. Bundan başqa, yanıq xəsarəti alan bir neçə nəfər karbon qazı ilə zəhərlənib. Onların arasında zavodun işçiləri və Əhmədinejadı müşayiət edənlər də var. Xəsarət alanların hamısı Əhvaz şəhər xəstəxanasına yerləşdiriliblər.
"İlkin məlumata görə, yanğına səbəb qaz sızması olub", - MEHR yazır.