...

Baş həkimin müavini: Rafiq Tağı nəfəs borusuna düşən qusuntu nəticəsində dünyasını dəyişib

Hadisə Materials 23 Noyabr 2011 16:12 (UTC +04:00)
Yazıçı Rafiq Tağı çərşənbə günü saat 15:40 radələrində dünyasını dəyişib.
Baş həkimin müavini: Rafiq Tağı nəfəs borusuna düşən qusuntu nəticəsində dünyasını dəyişib

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Yazıçı Rafiq Tağı çərşənbə günü saat 15:40 radələrində dünyasını dəyişib. Bu barədə çərşənbə günü Trend-ə Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov məlumat verib.

Salahov deyib ki, Rafiq Tağının qusuntu nəticəsində vəziyyəti pisləşib. Həmin anda qusuntu nəfəs borusuna düşüb. Xəstənin yanında olan şəxslər kömək üçün tibb işçilərini çağırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, noyabrın 19-da saat 22:00 radələrində Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Tağıyev Rafiq Nəzir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Klinik Tibbi Mərkəzə daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yazıçı-publisist Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub.

Xəbər lenti

Xəbər lenti