Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Daxili Qoşunların hərbi qulluqçusu yol qəzasında aldığı xəsarətdən dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Daxili Qoşunların müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçusu, 20 yaşlı kiçik çavuş Abbasov Ehtiram Bayram oğlunu dekabrın 9-da Zığ yolunda "Range-Rover" markalı avtomobil vurub.
Kəllə beyin travması ilə Kliniki Tibbi Mərkəzə qəbul edilən hərbi qulluqçu bu gün səhər saatlarında aldığı xəsarətdən dünyasını dəyişib.
Abbasov 2010-cu ilin aprelində Laçın rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb.
Faktla bağlı Xətai rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər və bildiriblər ki, qəza hərbi qulluqçu məzuniyyətdə olduğu dövrdə baş verib.