Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Fransanın təhsil naziri Lyuk Şatelin arvadının meyiti bazar günü səhər paytaxtın ətraf rayonlarından birində tapılıb. Trend-in AFP agentliyinə istinadən verdiyi məlumata görə, Astrid Herrenşmidt intihar edib.
Fransanın Təhsil Nazirliyi artıq bu məlumatı təsdiqləyib. Bu barədə İTAR-TASS xəbər verib. "Lyuk Şatel bu səhər faciə yaşayıb. O uşaqları, ailəsi və şəxsən özü naminə onun şəxsi həyatına hörmət edilməsini xahiş edir", - nazirliyin məlumatında deyilir.
Polisin məlumatına görə, qadının meyiti Lyuk Şatelin ailəsinin yaşadığı Parisin məşhur Bulon-Biyankur rayonundakı mənzildə aşkar edilib.
Bu hadisənin təhqiqatına yaxın olan mənbələrin məlumatına görə, polisi qadının cəsədini aşkar edən nazirin anası çağırıb. Bəzi məlumatlara görə, qadın özünü asıb.
Hələlik polis faciənin dəqiq səbəbləri və 45 yaşlı Herrenşmidtin intihar etdiyi şəraitlə bağlı heç bir məlumat vermir.
Bütün istintaq tədbirləri bu günə nəzərdə tutulub.
Elzasın iri sənayeçilərindən birinin qızı olan Astrid Herrenşmidt 1991-ci ildə Lyul Şatelə ərə gedib. Onların dörd övladı var.