...

Bakı-Quba-Rusiya sərhədi magistral yolunda körpünün uçmasının ilkin səbəbləri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 18 Aprel 2012 10:57 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 156-cı kilometrliyindəki körpünün uçmasının ilkin səbəblərini açıqlayıb.
Bakı-Quba-Rusiya sərhədi magistral yolunda körpünün uçmasının ilkin səbəbləri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Quba rayon Fövqəladə Hallar Komissiyasının məlumatı əlavə edilib (İlk xəbər 10:18-də yayılıb)

Azərbaycan, Bakı, 18 aprel / Trend, müxbirlər K.Zərbalıyeva, E. İsmayılov/

Nəqliyyat Nazirliyi Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 156-cı kilometrliyindəki körpünün uçmasının ilkin səbəblərini açıqlayıb.

Nazirliyin "Azəryolservis" ASC-dən Trend-ə bildirilib ki, körpünün altından keçən caydan tikinti məqsədilə istifadə olunan çay daşları və qum daşınması körpünün zədələnməsinə səbəb olub.

Qeyd edək ki, bu gecə saat 03:00-04:00 radələrində Qaraçay üzərindəki uzunluğu 90, eni 8 metr olan körpünün 15-20 metr hissəsi uçub. Bu səbəbdən yolda avtomobillərin hərəkəti dayandırılıb.

Qaraçayın üzərində yerləşən körpü uçarkən "QAZel" markalı yük maşını çaya düşüb.

Avtomobilin sürücüsü Ülfət Hüseynov ağır xəsarət alıb.

Quba rayon Polis Şöbəsindən Trend-ə bildirilib ki, körpü qəzalı vəziyyətdə olub. Son günlər rayonda yağan intensiv yağışlar və sel körpünün üçmasına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Məmmədov Trend-ə bildirib ki, körpünün üçması səbəbindən Rusiya və Quba istiqamətində yol bağlandığına görə həmin istiqamətlərə alternativ yol müəyyən edilib.

Məmmədov deyib ki, Rusiya istiqamətinə yol Gəndob kəndi ərazisindən keçməklə Xaçmaz rayonu ərazisindən verilib. Qubaya giriş isə Pirivahid kəndi ərazisindəndir.

Komissiya sədri deyib ki, körpünün uçmasına çayda suyun səviyyəsinin qalxması və körpünün əvvəlcədən qəzalı vəziyyətdə olması səbəb olub.

Məmmədovun sözlərinə görə, körpünün bərpası məqsədilə ərazidə iş aparılır.

Xəbər lenti

Xəbər lenti