...

İranda verilişə tamaşaçı kimi qatılan uşaqlardan biri ölüb, 6-sı isə yaralanıb

Hadisə Materials 11 May 2012 10:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Cəfərov/

İranın Zəncan əyalətinin Xörrəmdərə (Khorramdarreh) şəhərində uşaq verilişinə tamaşaçı qismində qatılan azyaşlılardan biri ölüb, 6-sı isə yaralanıb. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Ölkənin II kanalında canlı yayımlanan "Xala Şadunə" ("Xoşbəxt xala") verilişinin yayımının 3 min yerlik idman kompleksində aparılmasına baxmayaraq, proqrama tamaşaçı kimi qatılmaq üçün zala 4 mindən çox insan gəlib. Veriliş başa çatandan sonra tamaşaçılar iki qapıdan zalı tərk edərkən qarışıqlıq yaranıb. Qarışıqlıqda 7 yaşlı bir uşaq həlak olub, 6-sı isə yaralanıb. Bu barədə FARS agentliyinə Xörrəmdərə şəhərinin başçısı Rəhim Nuripur deyib.

Onun sözlərinə görə, yaralanmış uşaqlardan biri komaya düşüb, 4-nün vəziyyəti ağırdır.

Nuripur bildirib ki, hadisə ilə əlaqədar yayımın təşkilində səhlənkarlığa yol verdiklərinə görə 3 nəfər həbs olunub.

"Xale Şadunə" adlı uşaq verilişi 5 ildən artıqdır ki, ölkənin uşaq kanalı olan II kanalda yayımlanır. Proqramın canlı yayımı İranın müxtəlif şəhər və əyalətlərində təşkil edilir.

Xəbər lenti

Xəbər lenti