...

İsmayıllıda sürüşməyə meyilli ərazilərdə aktivləşmə var

Hadisə Materials 3 Oktyabr 2012 12:55 (UTC +04:00)
İsmayıllıda son 3-4 ay ərzində yağan yağıntılar rayonun sürüşməyə meyilli ərazilərində aktivləşməyə səbəb olub.
İsmayıllıda sürüşməyə meyilli ərazilərdə aktivləşmə var

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbirlər K.Zərbalıyeva, İ.İsabalayeva/

İsmayıllıda son 3-4 ay ərzində yağan yağıntılar rayonun sürüşməyə meyilli ərazilərində aktivləşməyə səbəb olub.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov Trend-ə bildirib ki, Diyallı və Müdrisə kəndlərində aktivləşmə müşahidə olunub. Nəticədə həmin ərazidəki bir neçə ev qəzalı vəziyyətə düşüb.

Komissiya sədri deyib ki, Diyallıda aktivləşmə köhnə sürüşmə ərazisində qeydə alınıb və bu kənddə 40-a yaxın ev qəzalı vəziyyətdədir. Müdrisə kəndində isə 1 ev qəzalı vəziyyətə düşüb.

Əhmədovun sözlərinə görə, rayonun Qubaxəlilli və Quşencə kəndlərində isə torpaq çökməsi baş verib və nəticədə hər kənddə bir ev qəzalı vəziyyətə düşüb.

Rayon komissiyası əraziyə baxış keçirilməsi üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə müraciət edib.

Komissiya sədri bildirib ki, rayonun 28 kəndində sürüşmə olan ərazilər var. Həmin kəndlərdə 180-ə yaxın ev qəzalı vəziyyətdədir. Onlardan 155-nin qəzalı vəziyyətdə olduğu təsdiqlənib və ailələr evlərdən köçürülüb. Digər evlərlə bağlı yekun qərar Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələrinin evlərə baxış keçirməsindən sonra açıqlanacaq rəy nəticəsində veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks hidrogeologiya və mühəndis geologiyası ekspedisiyasının rəisi Bəxtiyar Qaralov Trend-ə bildirib ki, İsmayıllıda sentyabrın ortalarında atmosfer çöküntülərinin nisbətən çoxalması cüzi aktivləşmə yaradıb. Amma ciddi fəsadlar qeydə alınmayıb. Onlar hamısı köhnə sürüşmə sahələridir.

Qaralov ölkənin sürüşməyə meyilli digər ərazilərində vəziyyətin stabil olduğunu və bununla bağlı daim monitorinqlər aparıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti