Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:00-da yayılıb)
Azərbaycan, Bakı, 29 mart /Trend/
Riqa körfəzində üzən buz parçalarından insanların təxliyyəsi başa çatıb, hamı xilas edilib. Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Latviya Dövlət Təcili Xilasetmə Xidməti xəbər yayıb.
"İki buz parçasından 219 nəfər təxliyyə edilib, bütün insanlar xilas edilib. Təxliyyə başa çatıb", - məlumatda deyilir.
***
Riqa körfəzində üzən iki buz parçasından artıq 200 nəfər təxliyyə edilib. Trend-in məlumatına görə, bunu cümə günü Dövlət Təcili Xilasetmə Xidmətinin nümayəndəsi Viktoriya Şembele RİA Novosti-yə deyib.
"Hazırda təqribən 200 nəfər təxliyyə edilib. Bu proses davam edir. Buz parçalarında əvvəl deyiləndən daha az adam var. Dəqiq rəqəmləri sonra təqdim edəcəyik", - Şembele bildirib.
Onun sözlərinə görə, hazırda təxliyyə edilənlər limana çatdırılır. Polis həmin insanların buz parçalarına necə çıxdığını müəyyənləşdirəcək.
***
İki qopmuş buz parçası 500-dən çox insanı Riqa körfəzinə aparır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Latviya Dövlət Təcili Xilasetmə Xidməti xəbər yayıb.
Mayori rayonunda buz parçasının üzərində 43 nəfər, Vakarbulli rayonunda olan buz parçasının üzərində isə təqribən 500 nəfər var.
"Bu gün xilasedicilərə buzların qopması ilə bağlı bir neçə dəqiqə fərqlə iki zəng daxil olub. Vəziyyəti sahildən əsən və buz parçalarını Riqa körfəzinə aparan güclü külək çətinləşdirir", - Latviya FHN-in nümayəndəsi Viktoriya Şembele jurnalistlərə deyib. O, qeyd edib ki, buz parçasının üzərində olanların əksəriyyəti balıqçılardır.
Hazırda Latviyada vertolyot və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə xilasetmə əməliyyatları aparılır.
Xilasetmə işlərinə güclü dalğalar mane olur.
***
Latviya sahillərindən Riqa körfəzinə üzən qopmuş buz parçalarında təkcə balıqçılar deyil, uşaq və qadınlar da var. Trend-in məlumatına görə, bunu cümə günü RİA Novosti-yə Latviyanın müdafiə naziri Artis Pabriks deyib.
Nazir xilasetmə işlərinin əlaqələndirilməsində iştirak edir.
"Biz xilasetmə əməliyyatını əlaqələndiririk. Əməliyyata Hərbi Dəniz Qüvvələrinin gəmiləri və vertolyotlar cəlb edilib. Buz parçalarında balıqçılarla yanaşı, buz üstündə ailəliklə gəzən da insanlar var. Buz parçaları üzür, lakin ümid edirik ki, hər şey qaydasında olacaq və heç kəs xəsarət almayacaq", - Pabriks qeyd edib.
Onun sözlərinə görə, xilasetmə əməliyyatı bir neçə saat vaxt apara bilər.