Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İzzət/
Salyanda iki yük avtomobilinin toqquşması nəticəsindən 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Köməyə gələn avtomobillərdən biri hadisə yerindən qayıdarkən özü yolda köməksiz qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytnına istinadən xəbər verir ki, Salyan rayonunda Ələt-Astara yolunun 77-ci kilometrliyində vətəndaşa məxsus "Super MAZ" və "KamAZ" markalı 2 yük avtomobili toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "KazAZ" markalı avtomobilin sürücüsü 1962-ci il təvəllüdü Cabbarov Mirhadı Abdulqafar oğlu həlak olub, sərnişini xəsarət alıb. "Super MAZ" markalı minik avtomobilinin sürücüsü isə yaralanıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıq vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış yaralıları və M. Cabbarovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 04:30-da başa çatıb.
Hadisə yerindən qayıdarkən hava şəraiti ilə əlaqədar "Mercedes" markalı avtomobil yoldan çıxaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər həmin avtomobili xüsusi alət və avadanlıq vasitəsilə təhlükəsiz yerə çəkiblər.