Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İzzət/
Ombudsman Aparatının əməkdaşları Bakıdakı 7 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar.
Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovaya ünvanlanmış müraciətin araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində olublar.
Müraciətdən əlavə olaraq, müəssisədə cəza çəkən bir neçə digər məhkum da qəbul edilib, onlarla söhbət aparılıb, o cümlədən cərimə təcridxanasında saxlanılma şəraitinin mövcud vəziyyəti öyrənilib.
Qəbul edilmiş məhkumlardan saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı hər hansı şikayət daxil olmayıb.
Ombudsmana ünvanlanmış müraciətin araşdırılması ilə bağlı qəbul edilmiş məhkum Z.S. (məhkumun adı açıqlanmır - red.) onunla görüşə gələn yaxınlarının yoxlamaya məruz qalmasından narazılığını bildirib. Məsələ ilə bağlı məhkuma müvafiq normativ aktların tələbləri, eyni zamanda, onun hüquq və vəzifələri izah edilib.
Araşdırmanın yekunları ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.