...

İran XİN: Yəməndə yaralanan diplomat xəstəxanada ölüb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 18 Yanvar 2014 17:45 (UTC +04:00)
Bu gün səhər saatlarında Yəmənin paytaxtı Səna şəhərində sui-qəsdə məruz qalaraq yaralanan iranlı diplomat xəstəxanaya yerləşdirildikdən sonra üzərində əməliyyat aparılan zaman dünyasını dəyişib.
İran XİN: Yəməndə yaralanan diplomat xəstəxanada ölüb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:22-də yayılıb)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər saatlarında Yəmənin paytaxtı Səna şəhərində sui-qəsdə məruz qalaraq yaralanan iranlı diplomat xəstəxanaya yerləşdirildikdən sonra üzərində əməliyyat aparılan zaman dünyasını dəyişib. Trend-in İran Televiziyasının saytı "Iribnews"a istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahiyan deyib.

H.Əmirabdullahiyan bildirib ki, bu gün 6 nəfər terrorçu iranlı diplomata atəş açıb. Diplomat sinəsindən və qarın nahiyəsindən dörd güllə yarası alıb.

İran KİV-lərinin məlumatına görə, ölən diplomat İranın Yəməndəki səfirliyinin Maliyyə idarəsinin rəhbəri olub. Silahlı qruplaşmanın üzvləri onu evinin qarşısında qaçırmaq istəyiblər. Lakin o, silahlılara müqavimət göstərib və yaralanaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bir qədər əvvəl İran Xarici İşlər Nazirliyinin mətbuat katibi xanım Mərziyyə Əfxəm Yəmənin Səna şəhərində iranlı diplomata qarşı silahlı şəxslər tərəfindən sui-qəsd təşkil olunduğunu və nəticədə diplomatın ağır yaralandığını bildirmişdi. Onun sözlərinə görə, diplomatın öldüyü barədə yayılan informasiyalar həqiqətəuyğun deyil.

M.Əfxəm deyib ki, İran bu hadisəni qətiyyətlə pisləyir: "Yəmən rəsmiləri ilə əlaqələr qurmuşuq və məsələni diqqətdə saxlayırıq".

Yerli KİV-lər bundan əvvəl xəbər yaymışdı ki, İranın Yəməndəki səfirliyinin Maliyyə idarəsinin rəhbəri aldığı güllə yarasından hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti