Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/
Ötən gün İranın Sistan və Bəluçistan əyalətində Pakistanla sərhəddə sərhəd polisi və silahlı qruplaşma arasında ayrı-ayrı vaxtlarda iki silahlı insident baş verib. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Sistan və Bəluçistan əyalətinin sərhəd polisinin komandiri Rəhambəxş Həbibi deyib.
R.Həbibi bildirib ki, silahlı qarşıdurma zamanı 2 sərhəd polisi və silahlı qruplaşmanın 2 üzvü həlak olub.
Onun sözlərinə görə, atışmalar zamanı bir neçə silahlı qruplaşma üzvü və polis əməkdaşları yaralanıb: "Hazırda yaralanmış polis əməkdaşlarının vəziyyəti qənaətbəxşdir. Silahlı qruplaşmanın digər üzvləri Pakistan ərazisinə qaçıb. Onlardan külli miqdarda silah-sursat müsadirə olunub".
Qeyd edək ki, oktyabrın əvvəlində də İranın Sistan və Bəluçistan əyalətində silahlı qruplaşmalar polisə qarşı iki dəfə hücum təşkil etmişdilər. Hücumlar zamanı 4 polis öldürülmüş və 5 polis isə yaralanmışdı.