...

Külək Şəmkir və Samuxun bir neçə kəndini işıqsız qoyub (FOTO)

Hadisə Materials 3 Aprel 2015 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Külək Şəmkir və Samuxun bir neçə kəndini işıqsız qoyub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq qərb bölgəsində əsən güclü külək bəzi rayonlarda fəsadlara yol açıb. Külək aqrar sahəyə və elektrik təsərrüfatına daha çox ziyan vurub. Şəmkirdə 11, Samuxda isə rayon mərkəzi də daxil olmaqla 6 yaşayış məntəqəsi işıqsız qalıb.

Şəmkir rayonunda axşamdan əsməyə başlayan külək səhər saatlarında daha da sürətlənib. Nəticədə elektrik naqilləri və işıq dirəkləri sıradan çıxıb. 1 qəsəbə və 10 kənddə enerji verilişi məcburi olaraq dayandırılıb.

Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi Mirdamət Əliyevin sözlərinə görə, külək nəticəsində şəbəkəyə xeyli ziyan dəyib: "Günəşli, Qapanlı və Füzuli xəttində dayaqlar aşıb".

Şəmkir Elektrik Şəbəkəsinin canlı qüvvəsi və texnikası fəsadların aradan qaldırılmasına səfərbər edilib və bu gün günorta saatlarından kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub.

Şəmkir rayonu ərazisində əsən güclü külək kənd təsərrüfatına da təsirsiz ötüşməyib. Rayonun Muxtariyyə kəndində əksər istixanalar tam yararsız hala düşüb.

Sakinlərin sözlərinə görə, qonşu kəndlərdə də əkin sahələri və meyvə bağları yararsız hala düşüb. Əhaliyə xeyli miqdarda maddi ziyan dəyib.

Külək Samux rayonunda da fəsadlar yaradıb. Rayon mərkəzi də daxil olmaqla 6 kənd bir neçə saat işıqsız qalıb. Görülən tədbirlər nəticəsində Samux şəhəri, Alıuşağı, Zazalı, Qiyaslı, Tatlı, Sərkar və Hacallı kəndlərində fəsadlar aradan qalıdırılıb və elektrik enerjisinin verilişi bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti