...

Məmur ərini öldürən qadının qızı məhkəmədə ifadə verdi

Hadisə Materials 19 Aprel 2016 16:44 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Xalidə İsgəndərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məmur ərini öldürən qadının qızı məhkəmədə ifadə verdi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Xalidə İsgəndərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən şəxsin qızı Əmanə İsgəndərova dindirilib. O, istintaq zamanı müstəntiq tərəfindən ona qarşı təzyiq olunduğunu, anasına qarşı ifadə verməyə məcbur edildiyini bildirib. Şahid təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəyə uyğun ifadə verib.

Məhkəmə prosesi mayın 5-də davam edəcək.

Xatırladaq ki, sözügedən qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Babək prospekti, ev 17 ünvanında baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov evin həyətindəki qarajda qətlə yetirilib. Qatil ev sahibinə 19 bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsib. Hadisə baş verən gün evdə F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova olub.

İlkin dindirilmə zamanı qadın cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. O, ilkin ifadəsində cinayətkarın maskasını çıxararaq öldürməməsi üçün yalvarıb, evdə olan qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb...

İstintaqın gəldiyi nəticəyə görə isə F.İsgəndərov elə öz həyat yoldaşı tərəfindən qətlə yetirilb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. Hadisədən 8 ay sonra Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində işləyib.

Mərhum F.İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olub.

X.İsgəndərova istintaq zamanı ona elan olunmuş ittihamlarla razılaşmayıb, qətldə əli olmadığını deyib. Məhkəmədə isə ifadə verməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti