...

Saray bələdiyyəsinin sədri və həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi yekunlaşdı

Hadisə Materials 8 Sentyabr 2016 13:01 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovun qətlində təqsirləndirilərək həbs edilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə şahid ifadələri dinlənilib.

Prosesdə şahid qismində ifadə verən Əli Məmmədov bildirib ki, Saray qəsəbəsində torpaq alıb və 6 min manat pul ödəyib. Bir müddət onun torpağının sənədləşdirilməsi geciksə də, sonradan problemi həll edilib və heç bir şikayəti yoxdur.

Digər şahid Namiq Həsənov isə ifadəsində bildirib ki, Saray qəsəbəsində dostu vasitəsilə 56 min manata torpaq sahəsi alsa da, bələdiyyə sədri V.Əbdülhəsənova torpaq sahəsini verməyib. O, hazırda məsələ ilə bağlı həm prokurorluğa, həm də məhkəməyə müraciət etdiyini bildirib.

Məhkəmədə şahid qismində ifadə verən Saməddin Şabanov deyib ki, onun Saray qəsəbəsində 1 hektardan çox torpaq sahəsi olub və mərhum bələdiyyə sədri həmin sahəni ondan 60 min manata alıb. Torpaq sahəsi notarial qaydada bələdiyyənin təsərrüfat şöbəsinin müdiri Ziyadxan Məmmədovun adına rəsmiləşdirilib.

Şöbə müdiri Z.Məmmədov isə bildirib ki, bələdiyyə sədri və təqsirləndirilən şəxslə münasibətləri yaxşı olub: “Bir gün Vəsilə xanım çağırıb dedi ki, mənim adıma 1 hektardan çox torpaq sahəsi keçiriləcək. Mən bunun qanuni olub-olmamasını soruşdum. O, isə tam qanuni olduğunu dedi. Bildirdi ki, sən subay olduğun üçün alış-satış etmək rahatdır. Mən də bununla razılaşdım və sənədlərə qol çəkdim. Torpaqlar satılanda Vəsilə xanım çağırırdı, gedib sənədlərə qol çəkirdim. Qiymətlərdən və pullardan xəbərim olmayıb. Hadisədən sonra bələdiyyədən işdən çıxdım. İndi adıma həmin torpaqlardan 50 sot qalır”.

Hakim şahidə xəbərdarlıq edib ki, bu işlə bağlı cinayət işi var və həmin torpaq sahəsinin satışı qadağandır.

Prosesdə ifadə verən F.Hüseynovun qohumu Seymur Məmmədov isə bildirib ki, istintaqa torpaq sahələrinin alqı-satqısı ilə bağlı çağırılıb: “Mən o vaxt bələdiyyədə tikinti şöbəsinin müdiri olmuşam. Özüm də Saraydan 30 sot torpaq almaq üçün Vəsilə xanıma 42 min 500 manat pul vermişəm. Həmin torpaq hərraca çıxarılacaqdı. Lakin sonradan pulum da qaytarılmadı, torpaq sahəsi də verilmədi”.

Hakim bildirib ki, iş üzrə 38 şahiddən 32-si dindirilib. Digər şahidlərin isə istintaqa verdiyi ifadələr qəbul edilib. O, məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Dövlət ittihamçısı çıxış üçün vaxt istədiyindən proses sentyabrın 22-nə təyin edilib.

İttihama görə, ötən il iyunun 8-də Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin boğazını kəsib, oan çoxsaylı bıçaq zərbələri endirib. Ərini isə odlu silahla ürəyindən vuraraq qətlə yetirib. Hadisənin şəxsi münaqişə zamanı qeydə alındığı, mübahisənin isə torpaq üstündə olduğu bildirilib.

Qeyd edək ki, qətli törədən 35 yaşlı F.Hüseynov V.Əbilhəsənovanın sürücüsü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti