Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə xuliqanlıq və quldurluqda təqsirləndirilərək həbs edilən Araz Məhərrəmov və Təmraz Bəşirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı sentyabrın 19-a təyin edilib.
İttihama görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Bakı şəhər sakini Əhməd Həziyevə qarşı xuliqanlıq etmiş həmyerlisi Araz Məhərrəmov tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 7-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təmraz Bəşirovla birgə Namiq Quliyevin 250 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 181-ci (quldurluq) maddələri ilə ittiham olunurlar.