...

İki qətl törədən Tərtər sakini həbs edilib

Hadisə Materials 3 Fevral 2017 16:38 (UTC +04:00)
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış iki ağır cinayətin üstü açılıb.
İki qətl törədən Tərtər sakini həbs edilib

Bakı. Trend:

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış iki ağır cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən il sentyabrın 26-da Tərtər şəhər sakini, valyuta mübadiləsi ilə məşğul olan Səxavət Musayev 13 min manat pulla xəbərsiz itkin düşmüşdü.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 4 gün sonra - sentyabrın 30-da Səxavət Musayevin üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Şıxarx kəndi ərazisində aşkar edilib və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində mərhumun Tərtər rayon sakinləri Səxavət Orucov, Şaiq Həsənov və Aqil Aslanov tərəfindən tamah niyyətilə döyülərək qətlə yetirilməsinə əsaslı şübhələr olduğundan Ş.Həsənov və A.Aslanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçısı, əvvəllər dəfələrlə məhkum olunmuş Səxavət Orucov isə istintaqdan yayındığına görə barəsində axtarış elan edilib və o, 2016-cı il dekabrın 27-də tutularaq istintaqa təhvil verilib.

Səxavət Orucovun qeyd olunan cinayətdən başqa, 19 fevral 2014-cü il tarixdə Tərtər rayon sakini Sənan Mirzəyevin yaşadığı evdə şəxsi münasibətlər zəminində özünə məxsus odlu silahdan atəş açaraq onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, maddi sübutlar götürülüb.

Tərtər rayon prokurorluğunda başlanmış hər iki cinayət işi bir icraatda birləşdirilərək Səxavət Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti