Bakı. Samir Əli - Trend:
2016-cı ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3389 cinayət hadisəsi qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qeydə alınan cinayət hadisələri 2015-ci illə müqayisədə 7,4 faiz çoxdur.
2016-cı ildə cinayət törətmiş şəxslərin 83,4 faizi cinayət məsuliyyətinə cəlb olunub ki, onların da 77,8 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 18,3 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir. Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 6,2 faiz, yetkinlik yaşına çatmayan uşaqların payı isə 2,7 faiz təşkil edib. Qeydə alınmış 897 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, onların da 9,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilib. 58 cinayət hadisəsi isə sərxoş vəziyyətdə törədilib.
Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 4,2 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,7 faizi əzab vermə, 1,1 faizi isə digər cinayətlərə aiddir.