Bakı. Trend:
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların evlərindən oğurluq hallarına qarşı tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-nə keçən gecə DİN-in "102” Zəng Mərkəzinə Gəncə şəhəri ərazisindəki evlərin birindən oğurluq olması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Məlum olub ki, evdən 100 manat, 400 dollar, habelə qızıl əşyalar oğurlanıb.
Polis əməkdaşlarının şübhələri Roza adlı qadının üzərində cəmləndiyindən o, şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib.
Araşdırmalarla onun Göygöl rayon sakini Roza Cabbarova olduğu məlum olub.
Oktyabrın 17-də şəhər ərazisindəki daha bir evdən oğurluq olması barədə Rayon Polis İdarəsinə müraciət edilib.
Polis əməkdaşlarının apardıqları araşdırmalarla evdən 140 manat və qızıl üzük oğurlanması məlum olub.
Həyata keçirilən əməliyyat tədbiri ilə oğurluğu törətməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Təranə Məmmədova saxlanılaraq Polis İdarəsinə gətirilib.
Gəncə Şəhər Baş Polis İdarəsində hər iki fakt üzrə araşdırmalar aparılır.