...

İtkin düşmüş alpinistlərin axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə müşavirə keçirilib (FOTO)

Hadisə Materials 9 Yanvar 2018 19:56 (UTC +04:00)
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan Əməliyyat Qərargahında əməliyyat müşavirəsi keçirilib.
İtkin düşmüş alpinistlərin axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə müşavirə keçirilib (FOTO)

Bakı. Trend:

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan Əməliyyat Qərargahında əməliyyat müşavirəsi keçirilib.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, əməliyyat müşavirəsində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Əməliyyat Qərargahının rəhbərliyi, axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri, peşəkar alpinistlər və avstriyalı mütəxəssislər iştirak edib.

Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bugünədək görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib.

Qeyd olunub ki, 27 dekabr 2017-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə işlərinə başlanılıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasediciləri, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və müvafiq texnikası, Şimal Regional Mərkəzinin xilasediciləri, Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr axtarışlarda iştirak edir.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2500-3000 m yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılır. 31 dekabr 2017-01 yanvar 2018-ci il tarixlərində hava şəraiti kəskin pisləşib - temperatur aşağı düşüb, qar yağıb. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. İtkin düşmüş alpinistlərin olduğu ehtimal edilən ərazilərdə qar qatının qalınlığı hazırda 8-12 metrə çatır. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.

Eyni zamanda, 05 yanvar 2017-ci il tarixində Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri (3 nəfər) hadisə rayonunda olublar. Xarici mütəxəssislər alpinistlərin olma ehtimalının böyük olduğu ərazilərə baxış keçirib və həmin ərazilərdə axtarışların aparılmasının həyat üçün təhlükəli olduğu qənaətinə gəliblər.

Axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb.

Müşavirədə qarşıda duran məsələlər müzakirə ediib, müvafiq göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti