Bakı. Trend:
Astara rayonunda tapança və əl qumbaraları tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, martın 29-da saat 22:22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Astara rayonu, Qamışovka kəndi ərazisində 2 ədəd F-1 əl qumbarasının və tapançanın tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sahil Mühafizənin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi Sahil Mühafizənin əməkdaşları tərəfindən mühafizəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 1 ədəd korroziyaya uğramış tapança aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.astara
Aşkar olunmuş obyektlərin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.