...

Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 28 Fevral 2020 10:16 (UTC +04:00)
Bir qadın DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq ona məxsus evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları, pul və müxtəlif medalların oğurlanması barədə məlumat verib.
Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanılıb

Bakı. Trend:

İsmayıllı rayonunun İvanovka kənd sakini bir qadın DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq ona məxsus evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları, pul və müxtəlif medalların oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, müraciət aidiyyatı üzrə İsmayıllı RPŞ-yə yönləndirilib. Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 860 manat dəyərində qızıl-zinət əşyalarının, 124 manat pulun və müxtəlif medalların oğurlanması müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri 22 yaşlı Heydər Rezvanov və 24 yaşlı Nikolay Skokov saxlanılıb. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyalarını Göyçay və İsmayıllı rayonlarında qızıl alqı-satqı məntəqələrinə satdıqlarını bildiriblər.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti