...

Zəngilanda körpünün altına yerləşdirilmiş partlayıcı qurğu aşkar edilib (FOTO)

Hadisə Materials 31 Dekabr 2020 01:21 (UTC +04:00)
Zəngilanda körpünün altına yerləşdirilmiş partlayıcı qurğu aşkar edilib (FOTO)

Bakı. Trend:

2020-ci il 30 dekabr tarixində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi Zəngilan rayonu ərazisində antiterror əməliyyatı keçirib.

ANAMA-dan Trend-ə verilən məlumata görə, 2020-ci ilin 30 dekabr tarixində quruma Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində körpünün altına və qayalıq əraziyə xüsusi partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub.

Daxil olmuş məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları Daxili İşlər Nazirliyinin Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə dərhal həmin əraziyə göndərilib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vaxtilə nəzərdə tutulmuş təxribatın qarşısının alınması məqsədilə Agentliyin mütəxəssisləri Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə kənd ərazisində xüsusi antiterror əməliyyatı həyata keçiriblər. Xüsusi əməliyyat nəticəsində körpünün altına yerləşdirilmiş 1 ədəd partlayıcı qurğu (tərkibi: 80 kq plastik partlayıcı maddə, 2 ədəd elektrik detonatoru və 20 m detonasiya qaytanı) və qayalıq əraziyə yerləşdirilmiş 1 ədəd digər partlayıcı qurğu (tərkibi: 37 kq plastik partlayıcı maddə, 25 kq amonium-nitrat tərkibli partlayıcı, 2 ədəd elektrik detonatoru və 15 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.

Ümumiyyətlə, 2020-ci ilin 29-30 dekabr tarixlərində Agentliyə daxil olmuş məlumatlar əsasında Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində həyata keçirilmiş xüsusi antiterror əməliyyatları zamanı düşmən tərəfindən 2 körpünün altına və qayalıq əraziyə yerləşdirilmiş 3 ədəd partlayıcı qurğu (tərkibi: 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı, 8 ədəd elektrik detonatoru və 65 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.

Düşmən işğalından azad olunmuş rayonlarda Agentliyin xüsusi mobil əməliyyat qrupları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti