...

Füzulidə minaya düşən şəxs vəfat etdi (YENİLƏNİB)

Hadisə Materials 1 Yanvar 2021 18:32 (UTC +04:00)
Füzulidə minaya düşən şəxs vəfat etdi (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Xəbər verildiyi kimi, 01 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşmüş və nəticədə ağır dərəcəli bədən xəsarəti almışdır.

Trend-in məlumatına görə, Zabil Babayevin xəstəxanaya çatdırılıb lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən vəfat etmişdir.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

XXX

14:39

01 yanvar 2021-ci il tarixdə səhər saatlarında Azərbaycan vətəndaşı 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşmüş, nəticədə ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunub.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaydığı birgə məlumatına görə, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq işğaldan azad olunmuş ərazilərə daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar. Xüsusi ilə qeyd edilməlidir ki, hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı həyata keçirilir.

Baş Prokurorluq, DİN və ANAMA bir daha əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti