...

Abşeronda narkotik satışı ilə məşğul olan beş nəfər saxlanılıb

Hadisə Materials 2 Avqust 2021 10:23 (UTC +04:00)
Abşeronda narkotik satışı ilə məşğul olan beş nəfər saxlanılıb

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Abşeron Rayon Polis İdarəsi və Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat zamanı Abşeron rayon sakinləri Rahinc Əhmədov, Vüsal Əliyev, Orxan Abdullayev, Pərviz İslamov və Ələkbər Carıyev tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Abşeron rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti