...

Slavyan Universitetinin keçmiş şöbə müdirinin məhkəməsi keçirilib

Hadisə 17 Yanvar 2022 11:51 (UTC +04:00)
Slavyan Universitetinin keçmiş şöbə müdirinin məhkəməsi keçirilib

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri. külli miqdarda dələduzluqda təqsirləndirilən Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Təranə Ağayeva bildirib ki, 2018-ci ildə təhsildə sosial-psixologiya ixtisasına qəbul olmaq üçün universitetə müraciət edib. Daha sonra Dürdanə Əliyeva ondan təhsil ödənişi üçün 2500 manat pul istəyib.

"Dürdanə xanımın otağına daxil olan kimi neçə min manat gətirdiyimi soruşdu. Bir anlıq çaşıb qaldım ki, dövlət universitetində belə şey olar? Mənə dedi ki, 2500 manat verməlisən, amma elanda 1500 manat yazılmışdı. Razılaşıb ilkin olaraq 1500 manat verdim. Bir müddətdən sonra mənə zəng edib dedilər ki, sənin diplomunda problem var. Dürdanə Əliyeva mənə dedi ki, Təhsil Nazirliyi sənin diplomunu tanımır. Dedi 3 min manat ver, nazirlikdəki tanışıma deyim həll etsin. Həmin 3 min manatı da verdim. Bir müddət dərslərdə iştirak etdim. 3 illik təhsil müddətində Dürdanə Əliyevaya ümumilikdə 8250 manat pul verdim," - deyə şahid bildirib.

Şahid deyib ki, son ödənişi ötən ilin noyabr ayının 8-də Dürdanə Əliyevaya şəxsən ödəsə də, sonradan öyrənib ki, təqsirləndirilən şəxs bir gün əvvəl işdən çıxarılıbmış.

D.Əliyeva isə şahidin yalan danışdığını deyib. O bildirib ki, Təranə Ağayevadan əlavə 4 nəfər İslam Universiteti məzunu həmin vaxt təhsil alıb, onların heç birində problem olmayıb.

"Diplomun saxta olduğuna gəlincə isə elə bir hal olsaydı şahid imtahanlarda iştirak edə bilməzdi", - deyə təqsirləndirilən şəxs bildirib.

Digər şahid Zərdab rayon sakini Elnur İmamzadə bildirib ki, 2020-ci ildə nişanlı olduğu Elnurə Abdullayevanın əlavə təhsil almaq istəməsi ilə bağlı Bakı Slavyan Universitetinə müraciət edib. Universitetdə işləyən tanışları Fərrux adlı müəllim əlavə təhsil üçün 1600 manat pul verməli olduqlarını deyib:

"Nişanlım Xarici Dillər Universitetinin İngilis dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışdı. Universiteti bitirdikdən sonra əlavə təhsil almaq istədiyini dedi, biz də razı olduq. 1600 manat pul verdik. Sonradan nə isə problem oldu Fərrux müəllim 1600 manatı geri qaytardı. İş də alınmadı. Elnurə əlavə təhsil almaq istəyirdi, o da alınmadı. Elə bu məsələlərə görə də ayrıldıq."

Prosesdə şahidin hazırkı ifadəsi ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlar olduğu üçün əvvəlki ifadəsi elan olunub. Şahid əvvəlki ifadəsində Dürdanə Əliyeva görüşdüyünü və nəğd şəkildə 1600 manat pul verib."

Proses yanvarın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti