Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bakının mərkəzindəki çoxmərtəbəli binada baş vermiş beton uçqunu ilə bağlı Səbayel rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Bu barədə Trend ə Səbayel rayon prokurorunun müavini Elçin Sultanov məlumat verib.
Sultanov bildirib ki, hadisə zamanı 7 nəfər xəsarət alıb. Onlardan 3-ü həmin binada işləyən fəhlə, 4-ü isə yoldan keçən şəxslər olub. Yaralılardan 5-nə tibbi yardım göstəriləndən sonra evə buraxılıb, 2-si isə hazırda xəstəxanada müalicə olunur. Xəsarət alanlardan biri qadındır. Hadisə zamanı 7 avtomobilə ziyan dəyib.
Sultanovun sözlərinə görə, hazırda müvafiq şəxslər dindirilir. Dindirmələr yekunlaşandan sonra toplanmış sənədlər ekspertizaya göndəriləcək. Ekspertizanın rəyindən sonra isə günahkar şəxslərin dairəsi müəyyənləşdiriləcək.
Qeyd edək ki, F. Əmirov küçəsində qəza baş vermiş binanın tikintisi "Libra" MMC tərəfindən aparılır. Hadisədən sonra binanın tikintisi müvəqqəti dayandırılıb.