...

Bina uçqunu altında daha iki nəfərin qaldığı müəyyənləşdirilib

Hadisə Materials 7 Sentyabr 2007 15:41 (UTC +04:00)
Bina uçqunu altında daha iki nəfərin qaldığı müəyyənləşdirilib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Respublika Prokurorluğunun apardığı istintaq hərəkətləri zamanı daha iki nəfərin Bakıda uçan binanın dağıntıları altında olduğu müəyyənləşdirilib. Bu barədə cümə günü Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib. Onun sözlərinə görə, uçqun altında olanlar 1983-cü il təvəllüdlü Balakən rayonunun Katex kənd sakini Samir İbrahim oğlu Mehdiyev və 1985-ci il təvəllüdlü Əli Bayramlı şəhər sakini Əkrəm Tofiq oğlu Qubadovdur.

28 avqust 2007-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda "Mütəfəkkir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən 16 mərtəbəli binanın uçması nəticəsində 24 nəfər ölüb, dördü isə yaralanıb. Uçqun altında daha 3 nəfərin olduğu müəyyənləşib.

Faktla bağlı 28 avqust 2007-ci il tarixdə Bakı şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2 və 222-1.2 maddələrinin (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə) əlamətləri ilə cinayət işi başlanılıb, prokurorluğun və Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin nümayəndələrindən ibarət əməliyyat-istintaq qrupu yaradılıb. İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, göstərilən ünvanda Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 noyabr 1994-cü il tarixli 1673 saylı sərəncamı ilə Azərbaycan Sənaye İnvestisiya və Səhmdar Kommersiya Bankına və "Mütəfəkkir" kooperativinə yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi həmin məqsəd üçün "Mütəfəkkir" müəssisəsinin adına rəsmiləşdirilib.

Hadisə ilə bağlı 5 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti