Azərbaycan, Bakı, 16 noyabr /Trend/
İsveçli dalğıclar İsveçin şərq sahillərində yerləşən Eland adasının yaxınlığında, Baltik dənizinin dibindən XVII əsrə aid "Sverdet" adlı hərbi gəmi aşkar ediblər. Bu barədə RİA "Novosti" yerli KİV-ə istinadən məlumat verir.
Trend-in məlumatına görə, İsveç dilindən tərcümədə qılınc mənasını verən gəmi yaxşı qalıb və Eland sahillərinin cənub-şərqində 70 kilometr dərinlikdə yerləşir. Dalğıclar hələlik qarətdən ehtiyatlanaraq, gəminin yerləşdiyi yerin koordinatlarını dəqiq söyləməkdən çəkinirlər.
Dalğıclardan birinin jurnalistlərə dediyinə görə "Sverdet" 1676-cı il iyunun 1-də Danimarka-Niderland donanmasının İsveç üzərində qələbə qazandığı dəniz döyüşü zamanı batıb. Gəmi məhv olarkən onun göyərtəsində 86 top və 600 nəfər olub. Həmin döyüş zamanı XVII əsr İsveç donanmasına məxsus digər nəhəng gəmi, 1981-ci ildə aşkar edilmiş "Krona" da batıb.