...

Alimlər mamontu klonlaşdırmağa hazırdırlar

Maraqlı Materials 5 Dekabr 2011 15:17 (UTC +04:00)
Saxa Respublikasındakı Mamont muzeyindən və Yaponiyanın Kinki Universitetindən olan rus-yapon alimlərin bir qrupu əsrin eksperimentini aparmağa hazırlaşırlar.
Alimlər mamontu klonlaşdırmağa hazırdırlar

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Saxa Respublikasındakı Mamont muzeyindən və Yaponiyanın Kinki Universitetindən olan rus-yapon alimlərin bir qrupu əsrin eksperimentini aparmağa hazırlaşırlar. Belə ki, onlar gələn il qalıqları əbədi Sibir donuşluqlarında aşkarlanan nəhəng məməlini klonlaşdırmağa başlayacaqlar. Bu barədə Trend Utro.ru saytına istinadən məlumat verir.

Tədqiqatçılar əməliyyatın uğurla keçəcəyinə inanırlar. Çünki onların bunun üçün əsası var. Belə ki, mamontun aşkar olunan bel sümüyündə sümük iliyi yaxşı vəziyyətdədir ki, bu da tarixdən əvvəlki heyvanın yenidən yaradılması üçün əsas genetik material olacaq.

Mamontun qalıqları bu ilin avqustunda Yakutiyanın şimalındakı Bataqay qəsəbəsindəki qazıntılar zamanı aşkar edilib. Tapılan bel sümüyü hündürlüyü 3,5 metrə yaxın mamonta məxsusdur. Tapıntı təxminən eramızdan əvvəl ХIII minilliyə aid edilir.

Əvvəlcə mamontun sümük iliyinin hüceyrəsindəki nüvə dişi filin yumurta hüceyrəsində yerləşdiriləcək və bu da mamontun DNT-sindən rüşeym əldə etməyə imkan verəcək. Daha sonra həmin rüşeymlər yaxın qohum növlər olduğuna görə dişi filin uşaqlığında yerləşdiriləcək. Alimlər artıq beş ildən sonra sağlam mamont balasını görməyi planlaşdırırlar.

Bu texnologiya Yaponiyanın Kobe şəhərindəki Təbiət Elmləri Dövlət İnstitutundakı tədqiqat qrupu tərəfindən hazırlanıb və artıq öz effektivliyini nümayiş etdirib. Məsələn, 2008-ci ildə belə üsulla dünyaya ikinci gəlişindən16 il əvvəl ölmüş siçan klonlaşdırılıb.

Qeyd edək ki, mamontların klonlaşdırılması üzrə elmi tədqiqatlar hələ 1990-cı illərin sonlarından aparılır. Lakin bioloqlar indiyədək öz cəsur planlarını həyata keçirməyə nail ola bilməyiblər. Çünki nüvənin transplantasiyası üçün zədələnməmiş genlərə malik hüceyrələr lazımdır. Lakin belə bir nüvə əldə etmək böyük problemdir. Buna səbəb uzun müddət buzda qalması nəticəsində mamontun qalıqlarındakı sümük iliyinin bioloji aktiv material kimi istifadəyə yaramamasıdır. Lakin son tapıntı böyük elmi uğur kimi qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti