Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Salmanov/
İngiltərənin Birmingem Milli Dəniz Mərkəzindəki bir köpək balığı yalnız tərəvəzlə qidalanır. "Florence" adlı yırtıcı balığın vegeterian olmasına səbəb isə onun başına gələn maraqlı hadisədir. Bu barədə bazar ertəsi Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Mərkəzin əməkdaşları ABŞ-ın Florida ştatından gətirilən köpək balığının bir müddətdən sonra heç nə yemədiyinə diqqət yetiriblər. Bu məqsədlə dəniz canlısını müayinə etmək qərarına gəliblər.
Aparılan müayinə zamanı balığın çənəsində qarmaq parçası aşkar edilib. 2009-cu ildə çənəsindəki paslı qarmaq çıxarıldıqdan sonra köpək balığı normal bəslənmə tərzini tərk edib.
Ət yeməyi buraxan balıq artıq kələm, kərəviz və kahı kimi tərəvəz məhsulları ilə qidalanır.
Mərkəzin əməkdaşları balığın yaxşı vəziyyətdə qalması üçün ona kələm yarpaqlarının içində gizlətdikləri balıqları yedizdirirlər. Mütəxəssislər çənəsindəki qarmaq parçası səbəbindən ət yeyərkən ağrı hiss etdiyi üçün köpək balığının tərəvəz və daha asan çeynənilən qidalara üstünlük verdiyini düşünürlər.