...

Ölü hesab edilən qız gəzir və danışır

Maraqlı Materials 18 Oktyabr 2012 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Komada olan Karina Melxior adlı gənc danimarkalı qız həkimlərin onun ölümünü təsdiq etməyə hazırlaşdıqları anda oyanıb. Belə ki, həyat təminatı sistemindən ayırdıqdan sonra qızın huşu özünə qayıdıb. Trend-in məlumatına görə, bu barədə Utro.ru saytı "Daily Mail" qəzetinə istinadən xəbər verib.

Karina ötən ilin oktyabrında keçirdiyi avtomobil qəzasından sonra komaya düşüb. 12 yaşlı qızın hospitala yerləşdirilməsindən üç gün sonra həkimlər onun valideynlərinə qızın beyninin öldüyünü bildirərək qızı həyat təminatı sistemindən ayırmağı təklif ediblər. Valideynlər bu addımı atmağa razılıq veriblər və donor orqanları haqqında saziş imzalayıblar.

Amma aparatdan ayrılandan sonra Melxior gözlərini açıb və tərpənib. Hazırda o, reabilitasiya mərkəzində bərpa kursu keçir. Qız artıq özü gəzə bilir, danışır və hətta atla gəzintiyə çıxır. Karina tam sağalmasını və qrafik-dizayner olmağı arzulayır.

Melxiorun valideynləri isə həkimləri övladlarının orqanlarını götürməyə cəhd etməkdə günahlandırararq onları məhkəməyə verib.

Ailənin vəkili Nils Feldberqin sözlərinə görə, Karina indiyədək həkimlərin günahı üzündən ölümdən güclə xilas olduğuna görə həyəcan keçirir. "Əlbəttə, bu, onun üçün və eyni zamanda artıq heç nə etməyin mümkün olmadığına inandırılan valideynləri üçün böyük zərbədir", - vəkil bildirib.

Qeyd edək ki, Melxiorun əhvalatı Danimarkada donorluq və ağır xəstələrin müalicəsinin dayandırılması problemi üzrə ictimai diskussiyalara yol açıb. Bir çoxları orqanların donorluğuna razılıq verilməsinin həkimləri pasiyentlərin həyat təminatı aparatlarından ayrılmasına təhrik etməsindən narahatdır.

Bununla yanaşı, mütəxəssislərin fikrincə, Melxiorla bağlı hadisədə heç bir həkim səhvi olmayıb. " Əslində həkimlər düzgün müalicə nəticəsində onun həyatını xilas ediblər. Və onlar qızın orqanlarını götürməyə hazırlaşmırdılar. Bu, onun öləcəyi halda donorluq haqqında adi danışıq idi", - danimarkalı tibb işçilərindən biri jurnalistlərə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti