Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir X.Murtuzayeva/
ABŞ-da yaşayan Emili Vaythid adlı gənc qız tutulduğu leykemiyadan neytrallaşdırılmış HİV virusu sayəsində xilas olub. Bu barədə Trend Türkiyə mətbuatına istinadən yazır.
Qeyd edək ki, Emilinin başına gələnlər kifayət qədər təsirlidir. Aparılan bütün müalicələrə baxmayaraq, vəziyyəti heç cür yaxşılaşmayan qızın bədənindəki virusun həddindən artıq davamlı olduğu aydın olub. Artıq həkimlər bütün ümidlərini kəssələr də, ailəsi son ana qədər mübarizə aparmağa qərar verir. Beləliklə, onlar qızlarını Filadelfiyadakı Uşaq Xərçəng Mərkəzinə yerləşdirirlər.
Burada həkimlərin təklif etdikləri müalicə uşağın orqanizminə bir növ neytrallaşdırılmış HİV virusunun nəql edilməsindən ibarət idi. Hələ sınaq mərhələsində olan bu müalicə olduqca riskli idi. Çünki onun əlavə təsirləri hələ tam öyrənilməmişdi. Lakin əgər 48 saat ərzində qərar verilməsəydi, Emilinin orqanları artıq fəaliyyətini dayandırmağa başlayacaqdı.
Müalicəni sınaqdan keçirmək qərarına gələn Vaythidlər ailəsi kiçik qızları üçün gərgin anlar yaşayırlar. Əvvəlcə müalicənin əlavə təsirlərinə məruz qalan Emili Vaythid həkimlərin gərgin əməyi sayəsində xəstəliyə tab gətirərək ölümün pəncəsindən xilas ola bilib.
Qeyd edək ki, sınaq mərhələsində olan CTL019 adlı müalicə immun sistemini xərçəng virusu ilə mübarizə aparmağa məcbur edir. Belə ki, həkimlər qızın orqanizmindəki "T hüceyrələri" deyilən hüceyrələr toplayaraq laboratoriya şəraitində onlardan CD19 adlı zülal hazırlayıb yenidən onun bədəninə vururlar.