...

Milli Gimnastika Arenasında Novruz bayramı münasibətilə şou keçiriləcək

Maraqlı Materials 18 Mart 2016 16:16 (UTC +04:00)
Martın 19-da Bakıda Milli Gimnastika Arenasında "Ocaq" idman klubunun təşkilatçılığı ilə uşaqlar üçün Novruz bayramına həsr edilmiş şou keçiriləcək.
Milli Gimnastika Arenasında Novruz bayramı münasibətilə şou keçiriləcək

Bakı. Ənvər Məmmədov - Trend:

Martın 19-da Bakıda Milli Gimnastika Arenasında "Ocaq" idman klubunun təşkilatçılığı ilə uşaqlar üçün Novruz bayramına həsr edilmiş şou keçiriləcək. Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mariana Vasileva deyib.

Onun sözlərinə görə, bu bayramın keçirilməsi uşaqlara xüsusi hədiyyə hazırlamaq qərarına gəlmiş "Ocaq" klubunun rəhbərliyinin və məşqçi heyətinin təşəbbüsüdür: "Şouda 4-12 yaş arasında olan təqribən 300 uşaq iştirak edəcək".

M.Vasileva qeyd edib ki, bayramda milli və xarici musiqidən, eləcə də milli Azərbaycan rəqslərindən istifadə etməklə çox müxtəlif proqram təqdim ediləcək.

O, əlavə edib ki, şou başa çatdıqdan sonra uşaqları arenanın yanında bayram tonqalı gözləyir və onların hamısı tonqalın üstündən atlaya və arzu tuta bilər.

Baş məşqçi diqqətə çatdırıb ki, çıxış edənlərin hamısı "Ocaq" idman klubunun idmançılarıdır: "Uşaqlar klubda qısamüddətli məşq ərzində öyrəndiklərini nümayiş etdirəcəklər. Onlardan bəziləri cəmi 3-4 aydır məşq edirlər. Bütün bunlar rəqslər formasında nümayiş etdiriləcək. Proqramın sonunda "Ocaq" klubunun bütün məşqçi heyəti, eləcə də bütün eksperimental qruplar çıxış edəcəklər".

Onun sözlərinə görə, "Ocaq" idman klubunun eksperimental qruplarına 4-6 yaş arasında olan uşaqlar daxildir, onlar hələ müxtəlif gimnastika növləri üzrə müəyyənləşdirilməyib: "Bu qrupdan olan uşaqlar gimnastikanın 6 növü üzrə - bədii, idman (kişi və qadın), akrobatika, batut gimnastikası və aerobika - məşğələlərə gedirlər. Birillik məşğələlərdən sonra uşaqların özlərini harada daha yaxşı göstərə biləcəklərinə qərar verəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti