...

Dağlıq Qarabağ problemi həll olunmasa, Azərbaycan gələn il Minsk qrupunun fəaliyyətindən imtina edəcək - Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Dekabr 2007 11:59 (UTC +04:00)
Dağlıq Qarabağ problemi həll olunmasa, Azərbaycan gələn il Minsk qrupunun fəaliyyətindən imtina edəcək - Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın ictimai-siyasi təşkilatları Dağlıq Qarabağ probleminin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdırlar. "Minsk qrupu gələn ilin əvvəlindən Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın mövqeyinə uyğun və beynəlxalq hüquq normaları çərçivəsində təkliflər zərfi təqdim etməsə, çox güman ki, rəsmi Bakı həmsədrlərin fəliyyətindən imtina edəcək" cümə axşamı Trend ə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk qrupu yaradılıb, 1997-ci ildən Minsk qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir. Bu müddət ərzində Minsk qrupu müxtəlif təkliflərlə çıxış etsə də, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməyib. Həmsədrlər sonuncu dəfə noyabrın sonlarında tərəflərə yazılı təkliflər təqdim edib. Hazırda Azərbaycan və Ermənistan həmin təklifləri təhlil edir.

Bəhmənov deyib ki, son yazılı təkliflər ancaq həmsədrlərin öz mövqelərini əks etdirir və təkliflər həmsədrlərin fəaliyyətinin kölgədə qoyulmaması üçün hazırlanıb. Onun sözlərinə görə, həmsədrlər münaqişənin həllində Azərbaycanın bəyan etdiyi rəsmi mövqedən kənar təkliflər irəli sürsə, Azərbaycan bu təklifləri qəbul etməyəcək. Bəhmənov hesab edir ki, həmsədrlərin yanvarda regiona planlaşdırılan növbəti səfəri zamanı Azərbaycan tərəfi yazılı təkliflərə rəsmi mövqeyini bildirəcək.

Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İlk növbədə işğal olunan ərazilərdən Ermənistan Silahlı Qüvvələri çıxarılmalıdır, məcburi köçkünlər öz torpaqlarına qayıtmalı, bundan sonra Dağlıq Qarabağın statusu müzakirə olunmalıdır.

Bəhmənov bildirib ki, status məsələsi müzakirə olunan zaman, icma rəhbərləri də danışıqlara qatılacaqlar.

Xəbər lenti

Xəbər lenti