Azərbaycan, Bərdə, 06 mart / Trend ", müxbir Ş.Cəliloğlu/ Azərbaycanın müdafiə naziri bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin cəbhə boyu atəşkəsi intensiv pozması Ermənistanda siyasi gərginliklə bağlıdır və məqsəd beynəlxalq ictimaiyyətin fikrini daxildəki proseslərdən yayındırmaqdır. "Ermənistan Silahlı Qüvvələri ön xəttə ağır texnika yığmağa cəhd edib və Azərbaycan Milli Ordusu buna imkan verməyib" cümə axşamı jurnalistlərə Tərtərdə səfərdə olan Səfər Əbiyev bildirib.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Əbiyev martın 6-da cəbhə bölgəsi olan Tərtər rayonuna gəlib. Müdafiə naziri ötən ilin yekunlarına dair keçirilən hesabat iclasında iştirak edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də səhər saatlarından başlayaraq növbəti dəfə atəşkəs rejimini pozublar. Bunun nəticəsində də cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, martın 4-5-də atəşkəsin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələri 12 hərbçisinin itirib, 15 əsgəri isə yaralanıb. Döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 4 əsgəri şəhid olub. Hazırda qoşunların təmas xəttində nisbi sakitlikdir.
Atəşkəs rejimi əsasən Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri istiqamətində pozulub.
Nazir deyib ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə həllini tapmasa, Azərbaycan hərb yolu ilə işğal olunan əraziləri azad edəcək.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.