...

BMT-də Azərbaycanın əleyhinə səs verən ölkələrdən izahat tələb olunacaq-nümayəndə heyətinin sədr müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2008 14:26 (UTC +04:00)
BMT-də Azərbaycanın əleyhinə səs verən ölkələrdən izahat tələb olunacaq-nümayəndə heyətinin sədr müavini

Azərbaycan, Bakı, 9 aprel mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun yaz sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyəti yenidən gündəmə gətirəcək. "Azərbaycan nümayəndə heyəti Avropa Şurasına üzv olan və BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamənin əleyhinə səs verən və bitərəf qalan ölkələrin tutduqları mövqe ilə bağlı izahat verilməsini tələb edəcək", -deyə çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini, deputat Gültəkin Hacıyeva bildirib.

Martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın təqdim etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamə qəbul olunub. Avropa Şurasına üzv olan ölkələrin əksəriyyəti səsvermə zamanı bitərəf qalıblar. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa isə sənədin əleyhinə səs verib. Qətnamənin qəbul olunmasına 39 ölkənii təmsil edən nümayəndə səs verib, 7 dövlət sənədin əleyhinə olub. 100 ölkə isə bitərəf qalıb.

Qətnamə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının dərhal, qeyd-şərtsiz boşladılmasını və qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtmasına şərait yaradılmasını nəzərdə tutur.

Hacıyevanın sözlərinə görə, Azərbaycan nümayəndə heyəti BMT-də qəbul olunan qətnamənin mahiyyətini AŞPA deputatlarına çatdıracaqlar.

AŞPA-nın qış sessiyası aprelin 14-dən 18-dək Strasburqda keçiriləcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti