Azərbaycan, Bakı, 26 may / Trend , müxbir S.Ağayeva/ Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarının davam etdirilməsi üçün şərait yaradılıb. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim iyunun 6-da Sank-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda duran görüşünü şərh edərkən bildirib.
"Azərbaycan Ermənistanın yeni rəhbərliyindən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə konstruktiv mövqe gözləyir", - deyə İbrahim bildirib.
Onun sözlərinə görə, Ermənistan iradə nümayiş etdirməli, reallığı dərk etməli və münaqişənin həlli üzrə addımlar atmalıdır. "Sülh danışıqlarının davam etdirilməsi üçün yaradılan yeni şərait problemin həllinə yardım edə bilər", - deyə İbrahim bildirib.
İbrahim hesab edir ki, BMT Baş Assambleyası tərəfindən Dağlıq Qarabağ üzrə Qətnamənin qəbul edilməsi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin davam etdirilməsi üçün yaxşı zəmin yaradıb.
BMT Baş Assambleyası Azərbaycan tərəfindən təqdim olunan "Azərbaycanın işğal olunmş ərazilərində vəziyyət haqqında" Qətnaməni qəbul edib. Burada qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın bütün işğal olunmş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmalıdır.
Qətnamə "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qovulan əhalinin öz evlərinə qayıtmaq hüququnu təsdiq edir və münaqişə ərazilərindən zərər çəkənlərin tam reabilitasiyası da daxil olmaqla, bu geri qayıdışı üçün lazımi şəraitin yaradılması zərurətini qeyd edir".
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.