...

Dağlıq Qarabağın statusu yalnız Ermənistan Azərbaycan ərazilərini azad etdikdən sonra nəzərdən keçirilə bilər – prezident İlham Əliyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2008 14:10 (UTC +04:00)
Dağlıq Qarabağın statusu yalnız Ermənistan Azərbaycan ərazilərini azad etdikdən sonra nəzərdən keçirilə bilər – prezident İlham Əliyev

Azərbaycan, Bakı, 06 noyabr/ Trend / Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi yalnız Ermənistan Azərbaycan ərazilərini azad etdikdən sonra nəzərdən keçirilə bilər, - Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Ankarada Türkiyə Böyük Millət Məclisinin deputatları qarşısında bildirib.

Prezident Ermənistanın yeni rəhbərliyinin regionda baş verən prosesləri təhlil edəcəyinə və siyasi iradə nümayiş etdirəcəyinə, münaqişənin həlli üçün beynəlxalq hüquq prinsiplərinə riayət edəcəyinə ümid ifadə edib, - TRT2 telekanalı xəbər verir.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə bu günlərdə imzalanmış bəyannamə böyük ruh yüksəkliyi yaradır.

Bazar günü, noyabrın 2-də Moskvada şəhərətrafı "Mayn Dorf" sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev arasında keçirilən görüşün yekunu üzrə bəyannamə imzalanıb.

Rusiya, Ermənistan və Azərbaycanın liderləri Qafqazda vəziyyətin sağlamlaşdırılması üzərində birgə işləmək barədə razılığa gəliblər, həmçinin xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işləri davam etdirməyi tapşırıblar.

Bəyannamə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlərin əsasında nizamlanmasını nəzərdə tutur ki, bu da regionda inkişaf və hərtərəfli inkişaf üçün əlverişli şərait yaradacaq.

İlham Əliyevin sözlərinə görə, regiondakı gərginliyə baxmayaraq, atılan və atılacaq addımlar Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək.

"Azərbaycan və Türkiyənin ittifaqı - regionda sabitlik amilidir. Regiondakı vəziyyət bizi çox narahat edir. Türkiyənin münaqişənin həllinə dair təşəbbüsləri müsbət nəticələr verəcək", - dövlət başçısı bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti