Azərbaycan, Bərdə 18 dekabr / Trend , müxbir Ş. Cəliloğlu/ Azərbaycan Milli Ordusunun iki əsgəri atəşkəsin pozulması nəticəsində ağır yaralanıb, - cümə axşamı Trend -un bölgə müxbiri məlumat verib.
Məlumata görə, bü gun günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində, əsgərlər Rəvan İslam oğlu Baydarov və Elvin Telman oğlu Baydarov yaralanıblar.
Hər iki əsgər 2007-ci ilin oktyabrında Balakən Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Əsgərlər Ağdam rayonunun Sarıcalı Hərbi Hospitalına yerləşdirilib.
Azərbaycan Müdafiə Nazirliyi hadisə ilə bağlı hələ ki, rəsmi məlumat yaymayıb.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk QRUPU vasitəçilik edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]